Hazırda cinayət prosesi nəzəriyyəsi və 
təcrübəsində müasir texnologiyanın rolu 
aktual mövzulardandır. Müasir, xüsusən də süni 
intellekt texnologiyaları sübutların toplanması, 
işlənməsi, təhlili, habelə cinayət təhqiqatının 
və məhkəmə proseslərinin səmərəliliyinin və 
şəffaflığının artırılması kontekstində getdikcə 
daha mühüm əhəmiyyət kəsb edir. Yeni texnologiyaların istifadə perspektivlərinin təhlili əsasında cinayət prosesinin gələcək inkişafını 
müəyyən edərkən onların inkişaf dinamikasını, 
habelə sübutlar nəzəriyyəsi, onun qanunvericilik aspektləri və mövcud şəraitə uyğun praktiki 
məsələlərini nəzərə almaq lazımdır. 
Əvvəla, qeyd etmək mümkündür ki, cinayət 
prosesində müasir texnoloji vasitələrin ən çox 
təsir göstərdiyi problem məhz sübutlardır. Odur 
ki, bu texnoloji vasitələrdən istifadə edərkən 
insan hüquq və azadlıqlarına, qanunvericiliyin 
tələblərinə riayət edilməsi, hüququn təməl konsepsiyalarına uyğunluq məsələləri kimi həlli vacib olan problemlər diqqəti çəkir.