Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
“İnzibati hüquq, maliyyə hüququ, informasiya hüququ” ixtisaslaşması üzrə doktorantı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
UOT 342.7
DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATI İLƏ
ƏLAQƏDAR QANUNVERİCİLİYİN FORMALAŞMA VƏ İNKİŞAF PROSESİ
Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə əlaqədar qanunvericiliyin formalaşma və inkişaf prosesi barədə tədqiqatın aparılması bu sahədə aidiyyəti tənzimləməni həyata keçirən inzibati orqanın fəaliyyəti və inzibati mübahisələrin həllinə dair tövsiyə və təkliflərin verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bütün dövrlərdə mülkiyyət hüququ, mülki münasibətlərin tənzimlənməsi məsələləri insanları düşündürmüş, cəmiyyətin əsas, aparıcı funksiyalarından biri olmuş, xarakterindən asılı olmayaraq bütün ictimai-siyasi formasiyalarda dominant rol oynamışdır. Daşınmaz əmlak münasibətlərinin hüquqi tənzimlənməsi hər bir dövlətin iqtisadi sabitliyinin, mülki dövriyyənin şəffaflığının və investisiya mühitinin etibarlılığının əsas göstəricilərindən biridir. Bu münasibətlərin mərkəzi elementi kimi çıxış edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülkiyyət hüququnun tanınması, müdafiəsi və təminatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeydiyyat sistemi vasitəsilə mülkiyyət hüququnun məzmunu, subyektləri və əmlakın hüquqi statusu rəsmiləşdirilir, hüquqi mübahisələrin qarşısı alınır və əmlak dövriyyəsi üçün hüquqi əsas yaradılır. Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı qanunvericiliyin formalaşması uzunmüddətli inkişaf mərhələlərindən keçmiş, iqtisadi və sosial dəyişikliklərin təsiri altında təkmilləşərək müasir hüquqi çərçivəyə çevrilmişdir. Ölkədə torpaq islahatlarının aparılması, özəlləşdirmə prosesləri və bazar iqtisadiyyatına keçid qeydiyyat institutunun səmərəli fəaliyyətini və bu sahədə normativ bazanın yenilənməsini zəruri etmişdir. Nəticədə daşınmaz əmlakın hüquqi rejimini, qeydiyyat mexanizmini və mülkiyyət və digər əmlak hüquqlarının dövlət tərəfindən təminatı və müdafiəsini tənzimləyən kompleks normativ-hüquqi sistem formalaşmışdır. Bu məqalədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı qanunvericiliyin tarixi formalaşma mərhələləri, onun inkişaf dinamikası, mövcud hüquqi mexanizmlər və onların müasir tələblərə uyğunluğu təhlil edilir.