Hüquq elmləri sahəsində elmi tədqiqatların səmərəli üsullarından biri xarici 
dövlətlərin qanunvericiliyinin müqayisəli-hüquqi təhlilidir. Bu metoddan istifadə həm milli 
qanunvericiliyin xüsusiyyətlərini daha yaxşı 
başa düşməyə imkan verir, həm də Azərbaycan 
cinayət hüququnun təkmilləşdirilməsi yollarının 
axtarılmasına kömək edir.
A.İ.Quliyev haqlı olaraq qeyd edir ki, müqayisəli-hüquqi yanaşma özündə elə üsul və vasitələri ehtiva edir ki, onların köməyi ilə müasir 
təzahürlərin ümumi xassələrinin və spesifik cəhətlərinin müəyyənləşdirilməsi üçün müxtəlif 
ölkələrin hüquq sistemləri tutuşdurulur. Belə 
müqayisə hazırda müxtəlif hüquq ailələrində və 
ya ayrı-ayrı hüquq sistemlərində mövcud olan 
qanunların və qanunvericiliyin üst-üstə düşən 
xarakteristikalarının tədqiqini nəzərdə tutur 
(sinxron müqayisə).