Azərbaycan qanunvericiliyində mirasın
açılması yeri ilə bağlı qüsurlu tənzimləmələr mövcuddur. Bu vəziyyət, yanlış məhkəmə təcrübələrinə, o cümlədən hüquqi mübahisələrin həlli zamanı tətbiq olunmalı olan bu və ya digər ölkə hüququnun düzgün müəyyən edilməməsi və bəzən də məhkəmələr tərəfindən mirasın açılması yeri məsələsinə ümumiyyətlə heç bir münasibət bildirilməməsi hallarına yol açmışdır. Belə ki, buna birbaşa səbəb olan Azərbaycan Respublikasının (bundan sonra – AR)
Mülki Məcəlləsinin (bundan sonra – MM)
1147.1-ci maddəsinin uğursuz və ziddiyyətli yazılışı qanunvericiliyin sistematik təfsiri və xarici ölkə təcrübəsinə istinad edilərək, tərəfimizdən əsaslandırılmışdır.
Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, “Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı
yer sayılır” [2]. 1) Göründüyü kimi, AR MM-in 1147.1-ci
maddəsində “yaşayış yeri” ifadəsindən istifadə
olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən, “yaşayış yeri” ifadəsi altında artıq, daimi yaşayış yeri olduğu ehtiva olunur [4].
Lakin bu ifadə altında “son” daimi yaşayış yeri
olduğu heç bir halda ehtiva olunmayıb. Belə ki,
“Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun (bundan sonra – BXH Qanunu) 29.1-ci maddəsinə əsasən, “Vərəsəlik üzrə münasibətlər miras qoyanın ....... son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir” [3]. Buradan aşkardır ki, qanunverici BXH Qanununun 29.1-ci maddəsində “son daimi yaşadığı ölkənin” ifadəsini yazır. Lakin “daimi yaşadığı” ifadəsi altında ancaq, zatən “son” olduğu anlaşılsa idi, burada aşkar şəkildə əlavə olaraq “son” yazılmaz idi.