Cinayətkarlığın səviyyəsinin yüksəldiyi,
vəziyyət və dinamikasında təhlükəli
meyillərin müşahidə olunduğu, cinayətkar fəaliyyətin yeni forma və növlərinin yarandığı müasir
şəraitlərdə bu neqativ sosial-hüquqi hadisə ilə
mübarizə məsələləri xüsusilə aktuallaşmış, cinayətkarlıqla mübarizədə yeni elmi-nəzəri və metodoloji yanaşmaların işlənib hazırlanması zəruriliyi yaranmışdır.
Xüsusilə cinayətkarlıq kimi neqativ, mürəkkəb və çoxaspektli sosial-hüquqi hadisənin kriminoloji tədqiqində ən mühüm yanaşmalardan
biri qismində cinayətkarın şəxsiyyəti çıxış edir.
Cinayətkarın müəyyənləşdirilməsində psixodiaqnostik metodlardan istifadə olunmaqla insanın xarici görünüşünün, hərəkət tərzi, jesti və mimikalarının, həmçinin verbal və qeyri-verbal davranış xüsusiyyətlərinin öyrənilməsi zərurəti profaylinq adlanan tədbirlər kompleksinin meydana
gəlməsinə səbəb olmuşdur.
Profaylinq ingilis sözü olan “profile” sözündən götürülüb çevrə, yandan görünüş mənalarını bildirir. Profaylinq qanunsuz hərəkətlərin vaxtında aşkarlanması məqsədilə psixodiaqnostik
üsulların tətbiqindən ibarət bir sahədir. Başqa
sözlə desək, profaylinq xarici görünüş, verbal
və qeyri-verbal davranışın analizi əsasında insan
profilinin psixoloji metodlarla dəyərləndirilməsi
və onun hansı addımları atacağının öncədən
proqnozlaşdırılmasını əks etdirən anlayışdır [1, s. 17].