Bakı Dövlət Universitetinin “İnzibati hüquq, maliyyə hüququ, informasiya hüququ” ixtisası üzrə doktorantı
E-mail: [email protected]
UOT 342.9
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
Ətraf mühitin mühafizəsi sahəsində əsas qanunvericilik aktları “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası qanunlarıdır. Həmin qanunlarda ətraf mühitin və təbii sərvətlərin mühafizəsi ilə bağlı əsas prinsip və hüquqi normalar öz əksini tapmışdır. Bununla belə, mövcud qanunvericilikdəki müəyyən boşluqlar ətraf mühitin və təbii sərvətlərin qorunması sahəsində yaranan problemlərin əsas səbəblərindən biri kimi çıxış edir. Avropa ölkələrinin təcrübəsində isə ətraf mühit sahəsində qanunvericilik daha sistemli və kompleks şəkildə formalaşdırılmışdır. Məsələn, Almaniya Federativ Respublikasının “Təbiətin mühafizəsi və landşaftlara qulluq haqqında” Qanununda (Gesetz über Naturschutz und Landschaftspflege) ətraf mühitin mühafizəsinin iki əsas növü müəyyən edilmişdir: ətraf mühitin ümumi mühafizəsi və ətraf mühitin xüsusi mühafizəsi.