Bakı Dövlət Universitetinin “İnzibati hüquq, maliyyə hüququ,
informasiya hüququ” ixtisası üzrə doktorantı
E-mail: [email protected]
UOT 342.9
ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN
İNZİBATİ HÜQUQİ STATUSU
Ətraf mühitə təsirin qiymətləndirilməsi çoxmərhələli və mürəkkəb prosesdir ki, ayrıca normativ hüquqi bazaya malikdir. Buna baxmayaraq, bu sahədə müəyyən boşluqlar mövcuddur. Ətraf mühitə təsirin qiymətləndirilməsinin üç forması qanunvericilikdə əksini tapmışdır:
1.Ətraf mühitə təsirin qiymətləndirilməsi;
2.Strateji ekoloji qiymətləndirmə;
3.Transsərhəd təsirin qiymətləndirilməsi.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin müəyyən edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsi prosesidir [3].