Azərbaycan Respublikasında heyvanlar
aləmi ilə bağlı məsələlər vəhşi heyvanlara münasibətdə “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 675-IQ nömrəli Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – ETSN)
vəhşi heyvanlara münasibətdə tənzimləməni və
nəzarəti həyata keçirir. Ev heyvanları ilə bağlı münasibətlər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” ilə tənzimlənir. Bu sahədə nəzarəti isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi həyata keçirir.
Amerika Birləşmiş Ştatlarında presedent hüququ və Konqresin qəbul etdiyi ayrı-ayrı aktlar qüvvədədir. Avropa ölkələrinin qanunvericiliyində isə vahid yanaşma vardır. Heyvanlar aləmi ilə
bağlı ən təkmilləşmiş qanunlar Almaniya Federativ Respublikası və Türkiyə dövləti tərəfindən
qəbul olunmuşdur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – AR İXM) 230,
273, 274 və 274-1-ci maddələri heyvanlar aləmi
əleyhinə inzibati xətaları tənzimləyir. Hal-hazırda ən aktual problemlər heyvanların saxlanması, kommersiya məqsədilə istifadəsi və onlarla rəhmsiz rəftara görə məsuliyyətin AR İXM-də məhdud şəkildə tənzimlənməsidir.Azərbaycan Respublikası qanunvericiliyində
heyvanlarla rəhmsiz rəftar AR İXM-in 274-cü
maddəsi ilə tənzimlənir:
Heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni
onlara ağrı, əzab, işgəncə verilməsinə, onların
döyülməsinə və ya döyüşdürülməsinə görə – dispozisiyası müəyyən olunub [1].
Almaniya “Heyvanların mühafizəsi haqqında” Qanununda (Tierschutzgesetz) heyvanlarla rəhmsiz rəftar geniş şəkildə müəyyən olunmuşdur. Almaniya qanunvericiliyinin məzmunundan aydın olur ki, heyvanlarla rəhmsiz rəftar heyvana ağrı, əzab və ya iztirab verməkdir. Bu zaman heyvanın öz növünə uyğun həyat qabiliyyəti məhdudlaşır. Heyvanlarla rəhmsiz rəftar dedikdə aşağıdakı əməllər nəzərdə tutulur [5]