Hər bir ölkədə milli-mənəvi dəyərləri, tarixi ənənələri və sosial-mədəni inkişaf
səviyyəsini nəzərə alan hüquq sistemi mövcuddur. Müasir dünyada geniş vüsət alan qloballaşma prosesi ölkələr arasında qarşılıqlı əlaqələri
intensivləşdirir. Ölkələr arasında qarşılıqlı əlaqələrin qurulması vacib olduğu kimi, xarici ölkələrin mövcud qanunvericilik aktlarının öyrənilməsi, onların oxşar və fərqli cəhətlərinin
müəyyənləşdirilməsi də xüsusi önəm kəsb edir.
Müqayisəli hüququn hüquq elmi üçün, xüsusilə milli hüquq üçün çox böyük əhəmiyyəti
vardır. Onun vasitəsilə ayrı-ayrı ölkələrdə bu və
ya digər hüquqi problemlərin necə həll olunduğu
öyrənilir, hüquqi tədqiqatların miqyası genişlənir,
müxtəlif ölkələrdəki hüquqi təcrübənin müsbət
və mənfi cəhətləri qiymətləndirilir. Müasir dövrdə müqayisəli hüququn verdiyi məlumatlara istinad etmədən çıxarılan ümumnəzəri nəticələr
ümumiləşdirilmiş, universal xarakter daşıya bilməz.