Əlimusayev Emin Nazim oğlu-İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ EKOLOJİ QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ: ƏSAS TENDENSİYALARIN MÜƏYYƏN EDİLMƏSİ

Bəşəriyyətin iqtisadi inkişaf səviyyəsinə
uyğun olaraq insanların təbiətə təsiri getdikcə artmaqdadır. İqtisadi fəaliyyətin artması ilə təbii ehtiyatlardan daha çox istifadə edilməsi və təbiətə daha çox zərərli maddələrin emissiya edilməsi ekoloji tarazlığı pozmaqla insan nəslinin gələcəyini təhlükə altına atır. Bu səbəbdən dünyanın qabaqcıl dövlətləri dayanıqlı ekoloji siyasətə keçid etmiş və daxili qanunvericiliklərini bu istiqamətdə formalaşdırmışlar. Bununla yanaşı, qabaqcıl dövlətlərin təcrübəsinə nəzər yetirdikdə

ekoloji tənzimləmənin getdikcə sərtləşdirildiyini
müşahidə etmək olar. Xüsusilə ekoloji problemlərin kəskinləşməsi, bu sahədə elmi araşdırmaların nəticələri, media və cəmiyyətin ekoloji savadlılığının artması və beynəlxalq öhdəliklər kimi amillər ekologiya sahəsində hüquqi çərçivənin davamlı təkmilləşdirilməsini şərtləndirir. Ekoloji problemlərin kəskinləşməsi iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi, biomüxtəlifliyin azalması və ekoloji tarazlığın pozulması kimi sahələrdə özünü büruzə verir. Araşdırmalar göstərir ki, insan fəaliyyəti nəticəsində 1850-1900-cü illərə münasibətdə 2011-2020-ci illər ərzində planet səthinin orta temperaturu 1.1 °C yüksəlmişdir [1, s. 4].