Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının II kurs magistrantı
E-mail: [email protected]
UOT 347.4
ƏSASSIZ VARLANMA VƏ ÖZGƏ İŞLƏRİNİ TAPŞIRIQSIZ APARMA İNSTİTUTLARININ
QARŞILIQLI ƏLAQƏSİ VƏ FƏRQİ: MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL
Mülki hüququn öhdəlik sistemində müqavilə və deliktlərlə yanaşı xüsusi öhdəlik qrupu da mövcuddur. Həmin öhdəlik qrupuna qanunun birbaşa göstərişi əsasında müəyyən hüquqi faktların məcmusundan yaranan öhdəliklər aiddir. Bu qrupun iki klassik nümayəndəsi özgə işlərini tapşırıqsız aparma (negotiorum gestio) və əsassız varlanmadır (condictio). Azərbaycan Respublikasının Mülki Məcəlləsi hər iki institutu müqavilədənkənar öhdəliklərə həsr olunmuş bölmədə tənzimləyir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu iki institut ardıcıl olaraq 1087–1090-cu maddələrdə (özgə işlərini tapşırıqsız aparma) və 1091–1095-ci maddələrdə (əsassız varlanma) tənzimlənmişdir [1]. Bu yerləşmə təsadüfi deyildir. Çünki hər iki institutun kökləri Roma hüququndakı “sanki müqavilədən” (quasi ex contractu) yaranan öhdəliklərə gedib çıxır və onlar ümumi restitusion-bərpaedici funksiya daşıyır.