Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət hüququ” ixtisaslaşması
üzrə II kurs magistrantı
E-mail: [email protected]
UOT 342
İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASINDA
BALANS PRİNSİPİNİN TARİXİ VƏ MAHİYYƏTİ
İnsan hüquqları və azadlıqları müasir konstitusiya hüququnun və beynəlxalq hüququn əsas institutlarındandır. İnsan hüquq və azadlıqları və ümumiyyətlə, şəxsiyyətin hüquqi statusu müəyyən üsullar hesabına icra olunmalıdır. Kifayət qədər icra olunma mexanizmi olmayan hüquq və azadlıqlar realizə oluna bilmir və fərdlər belə hüquqları dövlətin təminat verdiyi davranış imkanı kimi deyil, sadəcə, fiksiya kimi qavrayırlar [3, s. 125].
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları təsbit olunmaqla yanaşı, onların realizə edilməsində mühüm rol oynayan zəruri təminatlar və müdafiə mexanizmi də göstərilmişdir. Müəyyən olunmuşdur ki, insan hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz [1, m. 71].