Əsədova Ellada Möylə qızı - ÖHDƏLİKLƏRİN İCRASININ TƏMİN EDİLMƏSİ ÜSULU KİMİ DƏBBƏ PULUNUN FUNKSİYALARI

Öhdəliklərin icrası ilə bağlı münasibətlərdə tərəflərin əsas məqsədi hüquq və
vəzifələrin həyata keçirilməsini təmin etməkdir. Gələcəkdə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi kimi ehtimallarla rastlaşmaq istəməyən kreditor öhdəliyin icrasını təminat mexanizmi ilə qarantiyaya almaqda maraqlı olur. Bu halda kreditor mümkün iqtisadi riskləri nəzərə alaraq öhdəliklərin icrasının təmin edilməsi üsullarından istifadə edə bilər. Öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü fəsli ilə tənzimlənir. Mülki Məcəllənin 460-cı maddəsinə əsasən öhdəliklərin icrası həmin maddədə göstərilən üsullarla, yəni girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin

edilə bilər. Göründüyü kimi, öhdəliklərin icrasının təmin edilməsi üsullarının siyahısı dəqiq
müəyyən edilməmişdir. Bunu onunla əlaqələndirmək olar ki, tərəflər dispozitiv imkanlara müraciət etmək hüququnu itirməsinlər. Qanunvericilik maddədə göstərilən üsullarla yanaşı, normativ şəkildə təsbit olunmayan digər üsulları da öhdəliklərin icrasının təmin edilməsi üsulları kimi qiymətləndirir. Öhdəliklərin icrasının təmin olunma üsulları çoxfunksiyalı quruluşa malikdir, çünki onlar eyni zamanda mülki-hüquqi əqdi (hüquqi fakt),
öhdəlik hüquq münasibətini (aksessor hüquq
münasibəti) və hüquqi sənədi özündə birləşdirir. Öhdəliklərin icrasının təmin edilməsi prosesində iki hüquqi əlaqə yaranmış olur. Biri “əsas” adlandırılan, yəni təmin edilən öhdəlik, digər isə “aksessor” adlanan – əsas öhdəliyi təmin etməyə yönəlmiş öhdəlik hesab olunur [7, s. 7-8]. Aksessor öhdəliyin etibarsız hesab olunması əsas öhdəliyin də etibarsız olmasına səbəb olmur. Lakin əsas öhdəliyin etibarsız hesab olunması aksessor öhdəliyin də etibarsızlığa səbəb olur.
Hüquq ədəbiyyatında funksional yanaşma
baxımından öhdəliklərin icrasının təmin olunma üsullarının iki funksiyası ayırd edilir: 1) təşviqedici funksiya – borclunun öhdəliyi lazımi qaydada icra etməyə təşviq edilməsi; 2) qoruyucu funksiya – borclunun öhdəliyi pozması halında kreditorun əmlak maraqlarının qorunması [8, s. 47].