Hacılı Jalə Nüsrət qızı-MƏRKƏZİ BANKLARIN SONUNCU İNSTANSİYA KREDİTORU SƏLAHİYYƏTİ: KEÇMİŞDƏN BU GÜNƏ

Mərkəzi bankların bəlkə də ən mübahisəli
funksiyası sonuncu instansiya kreditoru roludur. Bir tərəfdən maliyyə institutlarına fövqəladə likvidlik yardımı təmin etmək, mərkəzi bankın unikal şəkildə mərkəzi bank ehtiyatları şəklində likvid aktivlər yarada bilməsi, ödəniş sistemində mərkəzi mövqeyi və makroiqtisadi sabitləşdirmə məqsədi nəzərə alınmaqla, onun əsas məsuliyyətidir. Digər tərəfdən isə son instansiya kreditoru kimi fəaliyyət göstərmək çox riskli hesab olunur, çünki bu, kütləvi miqyasda “əxlaqi risk” yarada, mərkəzi bankı böyük maliyyə risklərinə məruz qoyaraq fiskal siyasətlə olan sərhədləri bulanıqlaşdıra bilər [7].

XVIII əsrin sonlarında İngiltərədə baş verən
iqtisadi böhran nəticəsində qızıl ehtiyatlarının
tükənməsi və maliyyə böhranının dərinləşməsi
səbəbindən İngiltərə Bankı hökumətin göstərişi
ilə maliyyə institutlarına nağd ödənişləri dayandırmalı olmuşdu. İlk dəfə 1797-ci ildə iqtisadçı ransis Berinq “Observations on the Establishment of the Bank of England and on the paper
circulation of the country” (“İngiltərə Bankının yaradılması və ölkədə kağız pulların dövriyyəsi haqqında müşahidələr”) əsərində “sonuncu instansiya kreditoru” (lender of last resort – LLR) anlayışını işlətmiş və İngiltərə Bankının təkcə
kommersiya bankı kimi fəaliyyət göstərmədiyini,
həm də maliyyə institutlarına, xüsusilə də banklara, likvidlik təmin etməklə sonuncu instansiya kreditoru rolunu yerinə yetirməli olduğunu
vurğulamışdır. İqtisadçı Henri Sornton 1802-ci
ildə dərc olunan “An enquiry into the Nature and Effects of the Paper Credit of Great Britain” (“Böyük Britaniyada kağız pul kreditinin mahiyyəti və təsirləri haqqında araşdırma”) əsərində mərkəzi bankların sonuncu instansiya kreditoru kimi rolunu konseptuallaşdırmışdır.
Sornton LLR konsepsiyasını formalaşdırmaqla
yanaşı, böhran zamanı bank sisteminə likvidlik
təmin etməyin “moral hazard” riski daşıdığını da
irəli sürmüşdür. “Moral hazard” anlayışı sığorta,
bankçılıq və maliyyə bazarlarında istifadə olunan bir termindir və əsas etibarilə bir tərəfin riskli davranışlarının digər tərəfin üzərinə əlavə yük
qoyulmasını ifadə edir. Bu kontekstdə H.Sornton
vurğulamışdır ki, mərkəzi banklar LLR funksiyasını yerinə yetirərkən yalnız ödəmə qabiliyyəti
olan, lakin müvəqqəti likvidlik problemi yaşayan banklara dəstək verməlidir