Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi
E-mail: [email protected]
UOT 343.9
İNSEST CİNAYƏTLƏRİ: KRİMİNOLOJİ XÜSUSİYYƏTLƏRİ, MÜQAYİSƏLİ HÜQUQİ TƏHLİL
VƏ QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ PERSPEKTİVLƏRİ
Azərbaycan cəmiyyəti də daxil olmaqla demək olar ki, bütün dünyada ən acınacaqlı və haqqında danışılması çətin, təhqiqatı, istintaqı və tövsifi mürəkkəb olan cinayət əməllərindən biri də, cinsi zorakılıq, xüsusilə uşaqların cinsi zorakılığı və ya cinsi istismarıdır. Təəssüflər olsun ki, uşaqların cinsi istismarı halları cəmiyyətin acı bir gerçəkliyidir. Dünyada hər il 40 milyona yaxın uşağın zorakılığa məruz qaldığı təxmin edilsə də, ABŞ, İngiltərə, Almaniya, Rusiya və Hindistan kimi ölkələrdə ciddi zorakılıq hallarının olması diqqət çəkir. Avropa Şurasının məlumatına görə, Avropada hər 5 uşaqdan 1-i hansısa formada cinsi zorakılığa məruz qalır [8, s. 11].