Hüseynov Ruslan Aslan oğlu-KORRUPSİYA CİNAYƏTLƏRİNİN ANLAYIŞI VƏ FORMALARI

Korrupsiya cinayətləri bütün dövrlərdə
dövlətlərin inkişafına mane olan əsas problemlərdən biridir. Müasir dövrdə korrupsiya anlayışı yalnız inkişaf etməkdə olan ölkələrin deyil, həmçinin iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə malik ölkələrin də ictimai həyatında öz əksini tapmışdır. Dövlət idarəçiliyi, iqtisadiyyat və sosial münasibətlərin müxtəlif sahələrində rast gəlinən bu neqativ hadisə, bütövlükdə

cəmiyyətin mənəvi, siyasi və iqtisadi inkişafına
ciddi şəkildə təsir edir. Məhz buna görə də korrupsiya ilə mübarizə, dünya dövlətlərinin hüquqi siyasətində əsas prioritet məsələlərdən biri kimi
müəyyən olunur.
Korrupsiya cinayətləri, ilk növbədə, vəzifəli şəxslərin onlara həvalə edilən səlahiyyətlərdən və mövqelərdən şəxsi mənfəət və maraqlar üçün istifadə etməsi ilə əlaqələndirilir. Bu cür
əməllər dövlət idarəçiliyində qanunun aliliyini
pozmaqla yanaşı, ictimai ədalət prinsipinin də
ciddi şəkildə pozulmasına səbəb olur. Korrupsiyanın geniş yayılması iqtisadi inkişafa maneə
yaratmaqla yanaşı, dövlətin beynəlxalq nüfuzuna da mənfi təsir göstərir. Korrupsiya əməlləri
nəticəsində maliyyə vəsaitlərinin düzgün istiqamətdə istifadə olunmaması, dövlət və ictimai
vəsaitlərin mənimsənilməsi baş verir. Bu da nəticədə vətəndaşların sosial hüquqlarının təmin edilməsinə mənfi təsir göstərir.Korrupsiyanın formaları olduqca müxtəlifdir və bunlardan ən çox rast gəlinəni rüşvətxorluqdur.
Rüşvətxorluq vəzifəli şəxsin öz vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir əməli etmək və ya
etməmək müqabilində maddi və ya qeyri-maddi
formada mükafat qəbul etməsidir. Rüşvət alma
və rüşvət vermə cinayətləri hüquqi baxımdan ən
ciddi məsuliyyət yaradan əməllərdən hesab edilir. Bundan başqa, vəzifə səlahiyyətlərindən suiistifadə edilməsi də korrupsiya cinayətlərinin
geniş yayılmış növlərindəndir. Vəzifəli şəxsin öz
hüquq və səlahiyyətlərini qanunsuz olaraq şəxsi
və ya başqa şəxslərin mənafeyi üçün istifadə
etməsi sui-istifadə anlayışının mahiyyətini təşkil
edir.
Eyni zamanda korrupsiya cinayətləri arasında vəzifə saxtakarlığı, mənimsəmə və israfetmə,
vəzifəli şəxsin qanunsuz varlanması kimi əməllər
də yer alır.