Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika
və məhkəmə ekspertizası” ixtisası üzrə II kurs magistrantı
E-mail: telman.ismayı[email protected]
UOT 343.43
AZƏRBAYCAN RESPUBLİKASININ QÜVVƏDƏ OLAN CİNAYƏT QANUNVERİCİLİYİNDƏ PSİXİ
ZORAKILIQLA TÖRƏDİLƏN CİNAYƏTLƏRDƏ HƏDƏNİN NÖVLƏRİ
İlk olaraq, onu qeyd edək ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsi (bundan sonra qısaca olaraq AR CM adlandırılacaqdır) bir sıra ictimai təhlükəli əməllərin psixi zorakılıqla törədilməsini ya əsas tərkiblərdə, ya da ağırlaşdırıcı tərkiblərdə nəzərdə tutur [4]. Bu, cinayət hüququnda psixi zorakılıqla törədilən cinayətləri obyektiv cəhətdən mürəkkəb tərkibli cinayətlər kimi hesab etmək olar. Yəni haqqında bəhs edilən cinayətlərin obyektiv cəhətini təşkil edən əməllər hədələmə ilə birləşmiş hərəkətlərdən ibarət olur. Başqa sözlə, bu əməllər, bir tərəfdən, əmlak xarakterli hərəkətlər etməyi tələb etməkdən ibarət olduğu halda, digər tərəfdən də, psixi zorakılıq (hədə) göstərməkdən ibarətdir. Göründüyü kimi, burada həmin tələb özgənin əmlakı, əmlaka olan hüququnu ələ keçirməyə, yaxud zərərçəkmiş şəxsin təqsirkarın xeyrinə müəyyən əmlak xarakterli hərəkətlər etməsinə nail olmağa yönəlmişdir. Belə tələb qanunda nəzərdə tutulmuş hədələmə üsulları ilə birlikdə ifadə olunur və istənilən üsulla (şifahi və ya yazılı, telefonla və ya faksla, poçtla və s.) irəli sürülə, eləcə də istənilən şəxsə yönələ bilər. Özü də bu tələb, adətən, gələcəyə yönəlmiş olur. Məsələn, belə əməllərə nümunə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli Qərarında da göstərildiyi kimi, bəzi hallarda, hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər.