Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası və Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
E-mail: [email protected]
POSTPANDEMİYA DÖVRÜNDƏ QLOBAL SAĞLAMLIQ İDARƏÇİLİYİ: BEYNƏLXALQ HÜQUQİ MEXANİZMLƏRİN YENİ PARADİQMASI
Qlobal sağlamlıq sahəsində beynəlxalq əməkdaşlığın hüquqi mahiyyəti bu gün yalnız infeksion xəstəliklərin yayılmasının qarşısının alınması ilə məhdudlaşmır. Sağlamlıq sosial-iqtisadi inkişaf, insan hüquqları, biotəhlükəsizlik, ekoloji dayanıqlıq, ərzaq təhlükəsizliyi, rəqəmsal məlumat dövriyyəsi və ictimai maraqların qorunması ilə bağlı çoxqatlı hüquqi kateqoriyaya çevrilmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyasında sağlamlığın xəstəliyin və ya fiziki qüsurun olmaması ilə məhdudlaşdırılmayaraq tam fiziki, ruhi və sosial rifah vəziyyəti kimi qəbul edilməsi, habelə mümkün olan ən yüksək sağlamlıq səviyyəsindən istifadə imkanının əsas insan hüquqlarından biri kimi tanınması bu sahənin insan hüquqları sistemi ilə üzvi bağlılığını göstərir [1, preambula; 2, m. 12; 3, b. 1, 4, 8].