Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi doktorantı
E-mail: [email protected]
UOT 349.2:342.724
ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ AYRI-SEÇKİLİK VƏ ONUN HÜQUQİ
TƏNZİMLƏNMƏSİ
Müasir dünyada hər bir dövlət beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan və vətəndaş hüquq və azadlıqlarının prioritetini tanıyır. Bu prinsipin həyata keçirilməsi məqsədilə beynəlxalq müqavilələr qəbul edilir və müvafiq proqramlar hazırlanır. Humanizasiya prosesinin dərinləşməsi ilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər insan ləyaqətinin hər hansı formada, o cümlədən ayrı-seçkilik yolu ilə pozulmasını qəti şəkildə yolverilməz hesab edir və bunu hüquqi səviyyədə inkar edirlər. Bu fundamental prinsip həm universal, həm də sektoral xarakterli beynəlxalq hüquqi sənədlərdə müəyyən olunmuşdur