Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
UOT 347.918
AZƏRBAYCANDA KOMMERSİYA ARBİTRAJI İNSTİTUTUNUN TRANSFORMASİYASI: UNİFİKASİYADAN ARBİTRİN HÜQUQİ STATUSU PROBLEMİNƏDƏK
2023-cü ilin dekabrında yeni “Arbitraj haqqında” Qanunun [1] qəbul edilməsi Azərbaycanda son onilliyin ən əhəmiyyətli hüquqi islahatlarından biri oldu. UNCITRAL Model Qanununun [7] köhnəlmiş 1985-ci il versiyasına əsaslanan 1999-cu il tarixli əvvəlki Qanun, tərcümədə çoxsaylı boşluqlar, prosessual ziddiyyətlər və həddindən artıq dövlət nəzarətinə imkan verməsi ilə xarakterizə olunurdu ki, bu da arbitrajın praktik tətbiqini əhəmiyyətli dərəcədə azaldırdı. Yeni qanun paradiqmanı köklü surətdə dəyişdi: o, tənzimləməni həm beynəlxalq, həm də daxili kommersiya arbitrajına şamil etdi, milli hüququ müasir beynəlxalq standartlara maksimum dərəcədə yaxınlaşdırdı və tərəflərin iradə muxtariyyətinin fundamental prinsiplərini təsbit etdi.