Məmmədli Səbinə Sahil qızı

Binəqədi rayon prokurorunun böyük köməkçisi

E-mail: [email protected]

UOT 343.57

NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP
MADDƏLƏRİN VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ

DÖVRİYYƏSİNƏ VƏ NARKOMANLIĞA QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ GÖRÜLƏN TƏDBİRLƏR

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir [6, s. 95].

Eyni zamanda, dünyada getdikcə daha da intensivləşən iqtisadi inteqrasiya, ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.

Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir” [4, s. 25].