Məmmədli Səbinə Sahil qızı-VƏTƏNDAŞLIQ ALMAQ HÜQUQUNUN BEYNƏLXALQ HÜQUQİ BAZASI VƏ VƏTƏNDAŞSIZLIĞIN AZALDILMASI

Tarix boyunca dünyanın müxtəlif ölkələrinə, tarixlərinə, cəmiyyətlərinə, mədəniyyətlərinə və ideologiyalara uyğun olaraq
vətəndaşlığa yanaşmalar və ənənələr dəyişir və vətəndaşlıq anlayışı da müxtəlif formalarda başa düşülür.Vətəndaşlığın mənşəyi qədim Yunanıstan ilə

əlaqəlidir, o zaman “vətəndaş”lar dövlətin işlərində iştirak etmək hüququ olan şəxslər idi.
Ancaq hər bir kəs vətəndaş sayılmırdı: kölələr,
kəndlilər, qadınlar və ya rezident əcnəbilər yalnız subyektlər idi. Vətəndaş statusuna sahib olan şəxslər üçün iştirak hüququ yalnız bir haqq deyil, həm də ilk növbədə bir vəzifə hesab edildikdən sonra “ləyaqətli vətəndaş” və ya “yaxşı” vətəndaş ideyası bu konsepsiyanın mühüm tərkib hissəsi olmuşdu. Öz vəzifələrini yerinə yetirməyən hər bir vətəndaş cəmiyyət qaydalarını pozmuş hesab edilirdi.Vətəndaşlıq konsepti günümüzün ən geniş yayılmış vətəndaşlıq anlayışında da əks olunmuşdur, bu anlayış fərd və dövlət arasındakı hüquqi əlaqə ilə bağlıdır. Dünyadakı bir çox insanlar bir və ya başqa bir milli dövlətin qanuni vətəndaşlarıdırlar və bu onlara müəyyən imtiyazlara və ya hüquqlara sahib olmaq haqqı verir. Vətəndaş olmaq da həmçinin dövlətin yurisdiksiyasına uyğun olaraq ondan gözlənilən müəyyən vəzifələrin icrasını qarşıya qoyur. Beləliklə, vətəndaşlar da öz dövlətləri üçün müəyyən öhdəliklər yerinə yetirirlər və bunun qarşılığında mühüm maraqlarının qorunmasını dövlətdən gözləyə bilərlər.Biz şəxslər və cəmiyyət arasındakı əlaqəni cəmiyyətdə qəbul edilə bilən və mövcud olması
vacib hesab edilən dörd ölçü üzrə alt sistemlərdə
qruplaşdıra bilərik: siyasi / hüquqi ölçü, sosial
ölçü, mədəni ölçü və iqtisadi ölçü.
Vətəndaşlığın siyasi ölçüsü siyasi hüquqlara və siyasi sistemlə əlaqəli öhdəliklərə aid edilir. Bu ölçünün inkişafı siyasi sistem üzrə biliklərdən və demokratik münasibətlərin və iştirak bacarıqlarının təşviqindən irəli gəlməlidir.