Məmmədov Rüstəm Fəxrəddin oğlu, Abdullazadə Rəhilə Taleh qızı- BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ VƏ BEYNƏLXALQ HÜQUQDA NARKOMANİYA İLƏ MÜBARİZƏ PROBLEMİ

Yer planetində mövcud olan 11 iqlim
qurşağından 9-u bizim ölkə ərazisindən keçir. Ona görə də bir gün ərzində respublikanın bir tərəfindən digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, mülayim, subtropik,
kontinental və digər iqlim şəraitinə rast gəlmək olar. Məhz göstərilən iqlim şəraitləri ölkənin

bütün bölgələrində narkotik tərkibli bitkilərin
həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdı [17, s. 42-44]. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir. Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşın­ması üçün də əlverişlidir. Azərbaycan Respub­likası müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra kriminal strukturlar üçün narkotik vasi­tələrin yayılması, çirkli pulların təmizə çıxarılması üçün əlverişli şərait yaradılmışdı [1].
Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi
ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər.