AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru, dosent
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115
E-mail: [email protected]
UOT 340.15
SƏFƏVİLƏR DÖVLƏTİNDƏ HÜQUQ SİSTEMİ
Azərbaycan Səfəvilər dövlətinin yaranması uzun sürən tarixi proseslərin yekunu olaraq baş vermişdir [4, s. 217]. Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları orta əsr salnamələri təşkil edir [3, s. 8]. Səfəvilər dövləti Şərq tarixində yalnız siyasi hakimiyyət modeli ilə deyil, həm də dini-ideoloji və hüquqi quruluşu ilə seçilən mühüm dövlətlərdən biri olmuşdur. 1501-ci ildə Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsi ilə hüquq sistemi dövlətin ideoloji əsaslarının qorunması, sosial münasibətlərin tənzimlənməsi və mərkəzləşdirilmiş hakimiyyətin möhkəmləndirilməsi baxımından əsas alət kimi çıxış etmişdir. Səfəvilər dövləti 1501-ci ildən 1736-cı ilə kimi mövcud olmuşdur [8, s. 3; 6].