hüquq üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsi
E-mail: [email protected]
UOT 343.1
CİNAYƏT TÖRƏTDİKDƏN SONRA PSİXİ XƏSTƏLİYƏ TUTULMUŞ ŞƏXSLƏR BARƏSİNDƏ
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN TƏTBİQİNDƏ AKTUA L PROBLEMLƏR
Müasir cinayət hüququ və cinayət prosesi sistemində psixi sağlamlıqla bağlı məsələlər xüsusi hüquqi və sosial əhəmiyyət daşıyır. Cinayət törətmiş şəxsin psixi vəziyyəti onun cinayət məsuliyyətinin mövcudluğu, cəzanın təyin edilməsi və icrası, eləcə də dövlət tərəfindən tətbiq edilən məcburi tədbirlərin mahiyyəti baxımından həlledici rol oynayır. Bu baxımdan, cinayət törətmiş şəxslərin psixi vəziyyətinin qiymətləndirilməsi yalnız tibbi deyil, eyni zamanda hüquqi yanaşma tələb edən kompleks bir problemdir [2, s. 162].
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi psixi pozuntularla törədilmiş əməlin hüquqi nəticələrini şəxsin cinayət törədildiyi andakı psixi vəziyyətindən asılı olaraq fərqləndirir və bu baxımdan tənzimləmə cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxslərə, habelə cinayətdən sonra psixi xəstəliyə tutulmuş şəxslərə şamil olunur. Hər iki kateqoriya üzrə tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulsa da, onların hüquqi statusu, cinayət məsuliyyəti ilə əlaqəsi və prosessual icraatın xüsusiyyətləri mahiyyət etibarilə fərqlidir. Xüsusilə cinayət törədildikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində icraatın aparılması cinayət məsuliyyətinin mövcudluğu ilə humanizm və ədalət prinsipləri arasında tarazlığın qorunmasını zəruri edir.