Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının əyani doktorantı
E-mail: [email protected]
UOT 347.9
AZƏRBAYCAN VƏ ALMANİYA MÜLKİ PROSESSUAL HÜQUQUNDA
MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİ MƏQSƏDLƏRİ
Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biridir. Avropa Məhkəməsi dəfələrlə vurğulamışdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təminat verilən məhkəməyə müraciət etmək hüququ məcburi qüvvəyə malik yekun məhkəmə qərarının icra edilməsi hüququnu da özündə ehtiva edir. Əks halda, iddiaçının öz hüquqlarını qorumaq üçün müraciət etdiyi mülki işlər üzrə ədalət mühakiməsinin mahiyyəti təhrif edilir, hüquq, azadlıq və qanunla qorunan mənafelərin müdafiəsi məqsədinə nail olunmur. Bu da konstitusion prinsiplərlə bir araya sığmır. Ədalətin və tam məhkəmə müdafiəsinin təmin edilməməsi məhkəmə hakimiyyətinin nüfuzuna mənfi təsir göstərir və hüquqi vasitələrin effektivliyinə şübhələr yaradır.