Azərbaycan Respublikasında hüquqi
dövlət quruculuğunun əsas istiqamətlərindən biri vətəndaşların hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmləri ilə təmin olunmasıdır. Bu baxımdan inzibati orqanların fəaliyyətinə nəzarətin gücləndirilməsi, xüsusilə inzibati icraat prosesində qanunçuluğun, şəffaflığın və hesabatlılığın qorunması xüsusi əhəmiyyət kəsb edir. Mövcud normativ tənzimləmələr çərçivəsində bu funksiyanı yerinə yetirən əsas institutlardan biri də İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) institutudur. Lakin ombudsman institutunun inzibati orqanların fəaliyyəti üzərində nəzarət imkanlarının hüquqi çərçivəsi, xüsusilə bu institutun inzibati icraat üzrə fəaliyyətə təsir formaları, hüquqi nəticə doğurmaq gücü, eləcə də inzibati orqanların bu tövsiyələrə münasibətdə davranış praktikası hələ də nəzəri və praktiki cəhətdən tam aydınlaşdırılmamışdır.