Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.22
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ CİNA YƏTLƏRİN SUBYEKTLƏRİNİN HÜQUQİ STATUSUNUN
MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏ “XÜSUSİ SUBYEKT” ANLAYIŞININ ROLU VƏ ƏHƏMİYYƏTİ
Cinayət hüququ nəzəriyyəsinə və Cinayət Məcəlləsinin 19-cu maddəsinə əsasən, cinayətin subyekti anlaqlı və müəyyən edilmiş yaş həddinə çatmış fiziki şəxsdir [1]. Lakin bir sıra cinayət tərkibləri var ki, onların törədilməsi üçün sadəcə ümumi subyekt olmaq kifayət etmir. Hərbi xidmət əleyhinə olan cinayətlər bu cinayət tərkibləri sırasına daxildir. Bu hallarda cinayətin subyekti yalnız xüsusi hüquqi statusa malik şəxs ola bilər. Cinayət-hüquq doktrinasında bu cür şəxslər “xüsusi subyekt” adlandırılır.
Hərbi xidmət əleyhinə cinayətlər dövlətin müdafiə potensialını, hərbi nizam-intizamın sabitliyini və hərbi qulluq vəzifələrinin icrasının fasiləsizliyini təmin edən hüquqi münasibətlərə yönəlmiş ictimai təhlükəli əməllərdir.
Bu cinayətlərin tərkibinin düzgün müəyyənləşdirilməsi, xüsusilə də subyektin hüquqi statusunun dəqiqləşdirilməsi cinayət hüququ və cinayət-prosessual hüquq baxımından fundamental əhəmiyyət kəsb edir.