Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
E-mail: [email protected]
Ünvan: Bakı, Akademik, 33 Zahid Xəlilov küçəsi
UOT 343.2/.7
ZORLAMA CİNAYƏTLƏRİNDƏ TƏQSİRİN EHTİYATSIZLIQ FORMASI: KONSEPTUAL
ƏSASLAR VƏ MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL
Müasir cinayət hüququnda şəxsiyyətin cinsi azadlığı və cinsi toxunulmazlığı əleyhinə olan cinayətlərin, xüsusilə də zorlama cinayətinin qanunvericilik səviyyəsində tənzimlənməsi ciddi islahat mərhələsindən keçməkdədir. Tarixən bir çox hüquq sistemində zorlama cinayətinin tərkibi yalnız fiziki güc tətbiqi, hədə-qorxu və ya zərərçəkmişin fiziki müqavimətinin qırılması elementlərinə əsaslanırdı, lakin son onilliklərdə həm beynəlxalq hüquqi standartların, həm də ictimai hərəkatların təsiri ilə hüquq sistemlərində mühüm bir keçid yaşanır. Hüquq artıq “məcburetmə və müqavimət” prinsipinə deyil, tərəflərin “qarşılıqlı razılığı” və “könüllülüyü” modelinə əsaslanmağa başlayır. Bu transformasiya fonunda ortaya çıxan ən mübahisəli və mürəkkəb konseptlərdən biri zorlama cinayətinin ehtiyatsızlıqla törədilməsinin kriminallaşdırılmasıdır.