Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 343.22; 343.97
KORRUPSİYA CİNAYƏTLƏRİNİN SUBYEKTLƏRİNİN
KRİMİNOLOJİ XÜSUSİYYƏTLƏRİ
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 19-cu maddəsinə görə, cinayətin subyekti qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış anlaqlı fiziki şəxsdir [1]. Yəni, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü üçün iki mühüm şərt vardır: bunlardan biri cinayət törətmiş şəxsin qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatması, digəri isə onun anlaqlı fiziki şəxs olmasıdır. Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə şəxsin cəlb oluna bilməsinin mümkünlüyü üçün qanunvericilik ümumilikdə 16 yaşını nəzərdə tutur, həmin maddənin 2-ci bəndində isə müəyyən qisim cinayətlərə görə bu məsuliyyətin 14 yaşında başlanması qeydi vardır. Bu kateqoriyadan olan cinayətlər xüsusilə cəmiyyətdə tez-tez rastlaşdığımız və yüksək ictimai təhlükəliliyi olan cinayətlər hesab olunur ki, bu sıraya qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq və s. kimi cinayətlər daxildir.