Pərviz Lalə Pərviz qızı-ƏDALƏT MÜHAKİMƏSİNİN HƏQİQƏTİ MÜƏYYƏN ETMƏK VƏZİFƏSİ

Azərbaycan Respublikasının Konstitusiyasına 2009-cu il referendumu ilə yeni
bir normanın əlavə edilməsi ilə hüquq ədəbiyyatında yeni bir müzakirə mövzusu meydana gəlmişdir. Belə ki, 2009-cu il 18 mart tarixli

“Azərbaycan Respublikasının Konstitusiyasına
əlavə və dəyişikliklərin edilməsi haqqında” referendum aktının 24-cü bəndinə əsasən, konstitusiyanın “Məhkəmə hakimiyyətinin həyata keçirilməsi” adlı 125-ci maddəsinə aşağıdakı məzmunda yeni bir hissə əlavə olundu:“Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” [1, b. 24]. Bu əlavədən sonra həm nəzəriyyədə, həm də praktikada bir sıra problemlər yaranmağa başladı. Belə ki, “həqiqət” termini hüquq ədəbiyyatında və təcrübədə rast gəlinən bir ifadə olmasına baxmayaraq, qanunvericiliyimizdə bu cür ifadəyə o dövrə qədər rast gəlinməmişdi. Hüquqşünasları bir çox suallar narahat edirdi: Həqiqətin hüquqi mənası nə deməkdir? Qanunvericilik bu ifadə ilə nəyi nəzərdə tutur? O özündə nəyi təcəssüm etdirir? Ədalət mühakiməsi zamanı həqiqəti necə müəyyən etmək olar və bunun üçün qanunvericilimizdə hansı hüquqi vasitələr
nəzərdə tutulub? və s.
Bu suallara ilk dəfə rəsmi şəkildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 17 aprel tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII
hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh
edilməsinə dair” Plenum Qərarında aydınlıq gətirildi. Plenum Qərarının nəticə hissəsində göstərilir ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı
həqiqətin müəyyən edilməsini təmin etməlidir”
müddəası Konstitusiyanın 127-ci maddəsinin II,
IV və VII hissələrində, 129-cu maddəsinin III
hissəsində təsbit olunmuş ədalət mühakiməsinin
çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında
və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.