Cinayət-prosessual hüquq nəzəriyyəsində
cinayət prosesinin anlayışı ətrafında müəlliflər arasında müxtəlif yanaşmalar mövcuddur. Belə çoxfikirlilik hələ keçən əsrdən formalaşmışdır və heç də bu fərqli fikirlərin əsassız olması anlamına gəlmir. Belə fərqli mövqelər müxtəlif tarixi dövrlərdə qanunvericiliyin müddəaları ilə
bağlı olub, müəlliflərin yalnız cinayət prosesinin
müxtəlif cəhətlərinə müstəqil şəkildə formalaşan
yanaşmaları ilə şərtlənmişdir. Hesab edirik ki,müasir cinayət prosesi kontekstində bu məsələ
barəsində düzgün nəticəyə gəlmək və elminəzəri əhəmiyyətli təkliflər irəli sürmək üçün
tədqiqatçı nəzəri biliyin təhlilinə əsaslanmalı, qanunvericiliyin inkişafını və təcrübəni, xarici ölkələrin qanunvericiliklərini kompleks şəkildə öyrənməli və təhlil etməlidir. Odur ki, qeyd olunan anlayışın tərifinin verilməsi üçün bir neçə istiqamətdə izaha ehtiyac vardır. Cinayət prosesinin hüquqi-texniki izahı onun haqqında həmişə müəyyən milli təsəvvürləri və konkret dövr üçün tarixi təcrübəni ifadə edir [14, s. 722]. Bu cəhət Azərbaycan Respublikasının cinayət prosesi üçün də xarakterikdir. Məlumdur ki, cinayət qanunvericiliyi şəxsiyyətə, cəmiyyətə və dövlətə qarşı yönəlmiş ictimai təhlükəli əməllərin dairəsi və bu əməllərin törədilməsinə
görə məsuliyyət, cəza və digər cinayət-hüquqi
xarakterli tədbirlər, onların növləri və cəzanın həddi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. məsələləri müəyyən edir.