Qənbərova Zeynab İlham qızı-İNZİBATİ MÜQAVİLƏ KONSEPSİYASINDA İCTİMAİ XİDMƏT ANLAYIŞININ ƏHƏMİYYƏTİ

İnzibati hüquqda inzibati orqanların bağladıqları müqavilələrin sistemi, hüquqi statusu, mövqeyi və onları digər müqavilələrdən
ayıran meyarlar hələ də mübahisəli məsələlər sırasındadır. Bu sahədə müxtəlif yanaşmalar və nəzəri fikir ayrılıqları mövcuddur. Ümumiyyətlə, publik və xüsusi hüququ ayırd edən hüquq

sistemlərində publik hüququn bir qolu olan inzibati hüququn əsas xüsusiyyətlərindən biri inzibati orqanın hakimiyyət səlahiyyətinə əsaslanaraq
birtərəfli qərarlar qəbul edə bilməsidir. Bununla
yanaşı, ictimai maraqlara xidmət edən fəaliyyətləri həyata keçirmək üçün lazım olan mal və
xidmətləri birtərəfli inzibati aktlarla təmin etmək
mümkün olmadıqda, inzibati orqan xüsusi şəxslərlə müqavilə bağlamaq hüququna da malikdir [9; 4, s. 416].İnzibati orqanların əsas vəzifəsi cəmiyyətin
rifahını təmin etmək və ictimai maraqlara
xidmət göstərməkdir. Bu səbəbdən onların fəaliyyəti əsasən ictimai mənafelərin qorunmasına istiqamətlənir. İnzibati fəaliyyət həyata keçirilərkən inzibati orqanlar fiziki və hüquqi şəxslərlə müqayisədə daha üstün mövqedə olur və daha geniş səlahiyyətlərə malikdirlər. Burada
nəzərə almaq vacibdir ki, ictimai maraqlar hər zaman xüsusi maraqlardan üstün tutulur. Təsadüfi
deyil ki, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il
tarixli qərarında “ictimai maraq demokratik, hüquqi dövlətin əsas və son məqsədidir” fikri qeyd
edilmişdir.
İnzibati orqanlar öz inzibati funksiyalarını yerinə yetirərkən əsasən inzibati aktlar qəbul
edirlər. Bununla yanaşı, onlar birtərəfli inzibati
aktların verilməsi ilə kifayətlənməyərək, bəzən
müqavilələr də bağlayırlar. Hüquqi ədəbiyyatda
bu müqavilələr “inzibati orqanın bağladığı müqavilələr” adlandırılır