Qocayeva Leyla Adil qızı

Bakı Dövlət Universitetinin Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası

kafedrasının II kurs magistrantı

E-mail: [email protected]

UOT 343.23:34

AZƏRBAYCAN RESPUBLİKASI VƏ XARİCİ ÖLKƏLƏRİN PRAKTİKASINDA

TƏQSİRİN İKİ FORMASI İLƏ TÖRƏDİLMİŞ CİNAYƏTLƏRİN HÜQUQİ TƏHLİLİ

Məlum olduğu kimi, hər hansı bir ölkənin hüquq sistemi məhz həmin ölkənin sosial-iqtisadi, siyasi, milli, tarixi ənənələrinin, həmçinin əhalinin əxlaq dəyərləri, ictimai inkişaf səviyyəsi və hüquqi düşüncə tərzinin təsiri altında formalaşır və öz xüsusi spesifikliyi ilə səciyyələnir. Bununla belə, ayrı-ayrı ölkələrin hüquq sistemlərinin dərindən öyrənilməsi onların arasında ümumi cəhətlərin mövcudluğunu üzə çıxarmışdır. Hüquq sistemlərinin ümumi cəhətlərinin olması onların müəyyən hüquq ailələrində birləşməsini şərtləndirir. Əlbəttə ki, hüquq sistemlərinin vahid hüquq ailələrində birləşməsi onların tam eyniliyini ifadə etmir. Hər bir hüquq sistemi ümumi xüsusiyyətlərlə yanaşı, özünəməxsus fərqləndirici əlamətlərə malikdir.


Yüklə