Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının
II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.2
TƏQSİRİN İKİ FORMASI İLƏ TÖRƏDİLMİŞ CİNAYƏTLƏR
ÜZRƏ MƏSULİYYƏTİN DİFERENSİALLAŞDIRILMASI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cinayət məsuliyyətinin əsasları” adlanan 3-cü maddəsində deyilir: “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır” [1]. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə deyilir [6, s. 116]. Törədilmiş ictimai təhlükəli əməldə cinayət tərkibi olub-olmamasının aydınlaşdırılması üçün isə həmin əməldə cinayətin dörd zəruri elementinin mövcudluğunun sübuta yetirilməsi mütləq şərtdir. Bu elementlər qismində cinayətin obyekti, cinayətin subyekti, cinayətin obyektiv cəhəti və cinayətin subyektiv cəhəti çıxış edir. F. Səməndərovun cinayət tərkibinə verdiyi yuxarıda qeyd etdiyimiz anlayışda vurğulanan obyektiv əlamətlər dedikdə cinayətin obyekti və cinayətin obyektiv cəhətini, subyektiv əlamətlər dedikdə isə cinayətin subyekti və subyektiv cəhətini başa düşmək lazımdır. Bir sözlə, obyektiv və subyektiv əlamətlər cinayətin elementlərinin (ünsürlərinin) məcmusudur.