Valyuta vəsaitləri dövlətin milli iqtisadiyyatının maliyyə dayanıqlığını təmin
etmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və xarici bazarlarda iştirakını gücləndirmək üçün mühüm olan iqtisadi siyasət alətidir.
Hər bir hüquq normasının kökündə onların əsaslandığı sosial hadisələr və obyektiv tarixi qanunauyğunluqlar dayanır. Tarixə nəzər
salaraq, baş vermiş hadisələri təhlil edərək və qanunvericilikdəki boşluqları öyrənərək hüquq normasının yaranma səbəblərini və bu prosesin necə inkişaf etdiyini öyrənə bilərik.SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ciddi iqtisadi çətinliklərlə üzləşmişdi. Planlı iqtisadiyyatın bazar iqtisadiyyatı ilə əvəzlənməsi və siyasi
qeyri-sabitliyin ölkənin iqtisadi strukturlarını
dəyişməsi aydın müşahidə edilirdi. Planlı iqtisadiyyatın çökməsi ölkədə istehsal müəssisələrinin fəaliyyətinin dayandırılmasına və işsizlik səviyyəsinin kəskin artmasına gətirib çıxarmışdı. Sənayenin ənənəvi sahələri, xüsusilə neft emalı və kənd təsərrüfatının bazar iqtisadiyyatına keçidin çətinlikləri ilə üzləşdiyi bir dövr üçün xarakterik olan problemlərdən biri də milli valyuta olan manatın dövriyyəyə buraxılmasından sonra inflyasiya səviyyəsinin rekord həddə çatması
idi. Bundan əlavə, SSRİ dövründə formalaşmış
inteqrasiya əlaqələrinin pozulması səbəbindən
Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri
zəif idi və ölkə iqtisadi cəhətdən çətin vəziyyətə
düşmüşdü. Bu dövrdəki siyasi qeyri-sabitlik və
müharibə şəraiti isə xarici investorların ölkəyə marağını azaldır və onları uzaq saxlayırdı.