Quliyev İlkin Nizami oğlu-MÜASİR CİNAYƏT PROSESİNDƏ ELEKTRON SÜBUTLARIN HÜQUQİ STATUSU VƏ ONLARIN SÜBUTETMƏ PROSESİNDƏ ROLU

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin
bütün sahələrinə, o cümlədən hüquq və ədliyyə sisteminə mühüm təsir göstərmişdir. Cinayətlərin törədilmə formalarının dəyişməsi və rəqəmsal mühitin genişlənməsi nəticəsində cinayət-prosessual fəaliyyət də yeni çağırışlarla üzləşmişdir. Bu çağırışlardan biri də sübutetmə prosesində elektron sübutların meydana çıxması və onların hüquqi statusunun müəyyənləşdirilməsi zərurətidir. Ənənəvi sübutlarla yanaşı, elektron formatda olan sübutlar da istintaq və məhkəmə araşdırmalarında həqiqətin müəyyən olunmasında mühüm rol oynayır. Lakin bu sü­butların əldə edilməsi, təqdim olunması və qiymətləndirilməsi zamanı bir sıra hüquqi və texniki problemlər ortaya çıxır ki, bu da onların cinayət prosesi çərçivəsində düzgün tətbiq edilməsini zəruri edir. Bu baxımdan elektron sübutların hüquqi əsaslarının araşdırılması və onların sübutetmə prosesindəki rolunun təhlili müasir hüquqi elminin aktual məsələlərindən birinə çevrilmişdir. Elektron sübutların cinayət prosesində istifadəsi yalnız texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda hüquqi mexanizmlərin və normativ hüquqi bazanın da inkişafını tələb edir. Elektron sübutların mənbəyi, orijinallığı,

bütövlüyü və dəyişdirilməzliyi onların sübut
kimi qəbul olunmasında əsas meyarlar hesab olunur. Bu sübutların istintaq orqanları tərəfindən qanuni yollarla əldə olunması, ekspertiza yolu ilə yoxlanması və məhkəmə tərəfindən obyektiv qiymətləndirilməsi onların hüquqi qüvvəsini təmin edir [3, s. 228].
Eyni zamanda, elektron sübutların toplanması və təqdim olunması zamanı şəxsi həyat toxunulmazlığı, məlumatların məxfiliyi və digər
konstitusion hüquqların qorunması da diqqət
mərkəzində olmalıdır. Bu səbəbdən elektron sübutların hüquqi dövriyyəyə daxil edilməsi xüsusi prosedur qaydalarına əsaslanmalıdır ki, bu da
həm təqsirləndirilən şəxsin, həm də digər iştirakçıların hüquqlarının pozulmamasını təmin etsin.