Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 347.9
AZƏRBAYCAN RESPUBLİKASINDA KOMMERSİYA MÜBAHİSƏLƏRİNİN
XÜSUSİYYƏTLƏRİ
Kommersiya mübahisələri məhkəmələrdə baxılan mübahisələrin bir növüdür və bu mübahisələr tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu mübahisələr qanunvericiliyə müvafiq dəyişikliklər edilənə qədər iqtisadi mübahisə hesab olunurdu və bu kateqoriyadan olan mübahisələrə inzibati-iqtisadi məhkəmələrdə baxılırdı. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2019-cu il tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qanunvericiliyə kommersiya mübahisəsi anlayışı daxil edildi və məhkəmə sistemində kommersiya məhkəmələrinin yaradılması müəyyənləşdirildi.