Quliyeva Nigar Eldar qızı-AZƏRBAYCAN RESPUBLİKASINDA İŞLƏRİN ÜMUMİ (MÜLKİ) VƏ YAXUD KOMMERSİYA MƏHKƏMƏ AİDİYYƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ

Bildiyimiz kimi, məhkəmələr tərəfindən
iş icraata qəbul edilərkən müəyyən edilməli olan hallardan biri məhkəmə aidiyyətinin yoxlanılmasıdır. Bu məqalə çərçivəsində biz ümumi və kommersiya məhkəmə aidiyyətinin müəyyən edilməsindən danışacağıq. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, qanunvericiliyimizə əsasən, ölkəmizdə Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş məhkəmələr fəaliyyət göstərirlər. Elə bu səbəbdən də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş və 1 yanvar 2020-ci ildən qüvvəyə minmiş dəyişikliklər əsasında qanunvericiliyimizə kommersiya məhkəməsi anlayışı daxil edilmiş, kommersiya məhkəməsində birinci instansiya məhkəməsi kimi işlərə baxılmasına dair səlahiyyətlər qanunla müəyyən edilmişdir

[1, s. 2].
Edilmiş dəyişikliklərə qədər qanunvericiliyimizdə kommersiya məhkəməsi, kommersiya mübahisəsi anlayışı mövcud olmamış və kommersiya mübahisəsi ilə əhatə olunan işlər iqtisadi
mübahisələr hesab olunurdu. İqtisadi işlərlə əlaqədar olan mübahisələrə inzibati-iqtisadi məh­­kəmələrdə baxılırdı. Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq tərəflərin sahibkarlıq
fəaliyyəti ilə əlaqədar olan mübahisələrə (kom­­mersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır.
Kommersiya mübahisəsindən danışarkən, ilk
növbədə, kommersiya mübahisəsinin anlayışına,
onun spesifik xüsusiyyətlərinə nəzər yetirmək
lazımdır. Belə ki, Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin (bundan sonra
– MPM) 24.2-ci maddəsinə görə mübahisənin
məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin
subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınaraq
MPM-ə uyğun müəyyən edilir