Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı
E-mail: [email protected]
UOT 343.01
AMNİSTİYA AKTININ TƏTBİQ EDİLDİYİ ŞƏXSƏ MÜNASİBƏTDƏ
CİNAYƏTLƏRİN MƏCMUSU ÜZRƏ QƏTİ CƏZANIN TƏYİNİ MƏSƏLƏLƏRİ
Məlum olduğu kimi, amnistiyanın elan edilməsi məhkumlarda, habelə cinayət təqibinə məruz qalan şəxslərdə sağlam ictimai həyata qayıtmağa ümid oyadır, onların cəza çəkmədən islah olunmasında mühüm rol oynayır. Son dövrlərdə ölkəmizdə cəza-islah siyasətinin həyata keçirilməsində bu alətdən tez-tez istifadə olunur. Təsadüfi deyil ki, 2000-ci ildən bəri Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarları ilə 8 amnistiya aktı qəbul edilmiş, həmin amnistiya aktları on minlərlə şəxsə şamil olunmuşdur. Son dövrlər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən amnistiyalar xüsusilə əhatə dairəsinin genişliyi ilə fərqlənir. Məsələn, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı 17 min 267 şəxsə şamil olunub. Bu qərar əhatə etdiyi şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Daha sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü irəli sürülərək qəbul edilmişdir. Proqnozlara görə, bu amnistiya aktının təxminən 20 min nəfəri əhatə etməsi gözlənilirdi [8]. Bu isə əhatə etdiyi şəxslərin dairəsinə görə ən geniş amnistiya aktı olması deməkdir.