Azərbaycan Respublikası müstəqilliyini 
bərpa etdikdən sonra qarşısında duran 
ən vacib məqsədlərdən biri insan hüquq və azadlıqlarının qorunması məsələsi idi. Elə bunun 
nəticəsidir ki, milli normativ baza formalaşdırılır, 
ölkə daxilində çoxsaylı normativ hüquqi aktlar qəbul edilir, ölkəmiz insan hüquqlarını özündə 
ehtiva edən çoxsaylı beynəlxalq müqavilələrə 
qoşulurdu. Bu istiqamətdə ən əhəmiyyətli addım 
1995-ci ildə qanunvericilik sisteminin əsasını 
təşkil edən milli Konstitusiyanın qəbulu oldu. 
Heç təsadüfi deyil ki, 1995-ci ildə ümumxalq səs 
verməsi ilə qəbul edilən Konstitusiyanın 12-ci 
maddəsi “Dövlətin ali məqsədi” adlanaraq insan 
və vətəndaşların əsas hüquq və azadlıqlarının, 
Azərbaycan Respublikası vətəndaşlarının layiqli 
həyat səviyyəsinin təmin edilməsini dövlətin ali 
məqsədi olaraq vurğulayır [1]. Bu istiqamətdə 
dövlət öz ali məqsədi kimi bütün kateqoriya insanların rifah halının yüksəldilməsi istiqamətində 
uğurlu fəaliyyət həyata keçirir. Sözsüz ki, bu 
sahədə ən vacib məsələlərdən biri sosial cəhətdən 
həssas olan əhali qruplarının, şəhid və qazi ailələrinin, qaçqın və məcburi köçkünlərin layiqli həyatlarının təminatı məsələsidir.