Rüstəmli Zübeydə Yusif qızı-İBTİDAİ ARAŞDIRMA MƏRHƏLƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR BƏZİ MÜLAHİZƏLƏR

Cinayət mühakimə icraatının ibtidai araşdırma mərhələsi Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixdə qəbul edilmiş, 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsində (bundan sonra – CPM) kifayət qədər ətraflı şəkildə nizamlanır. Bununla belə, ibtidai araşdırma mərhələsini tənzim edən qanunvericilik müddəalarının sistemli təhlili belə nəticə çıxarmağa əsas verir ki,

onların sırasında hələ də təkmilləşdirilməli olan
müddəalar yer almaqdadır. Cari məqaləmizdə iz, belə müddəaların bir qismini nəzərdən keçirməyi və onların təkmilləşdirilməsinə dair təkliflərimizi oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik.İlk növbədə, ibtidai araşdırmanın özünün
leqal anlayışından başlayaq. CPM-in 7.0.22-
ci maddəsində ibtidai araşdırmaya leqal tərif verilmişdir. Həmin tərifə görə, ibtidai araşdırma dedikdə cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat başa düşülür. Göründüyü kimi, qanunverici ibtidai araşdırmanı xarakterizə edərkən onun
növlərini və məhkəməyədək icraat olmasını əsas
determinatlar qismində seçmişdir. Həmin tərif
lakonik olub və prinsipcə, ibtidai araşdırmanın
mahiyyətini açmaq üçün kifayət etsə də, onun məzmununda müəyyən çatışmazlıqlar da mövcuddur.