Rzayeva Xədicə Vilayət qızı-RƏQƏMSAL ƏSRDƏ ŞƏXSİ HƏYATIN TOXUNULMAZLIĞININ QORUNMASI: TƏCRÜBİ PROBLEMLƏR VƏ ONLARIN ARADAN QALDIRILMASININ HÜQUQİ ASPEKTLƏRİ

XXI əsrin ən mühüm xüsusiyyətlərindən
biri sürətlə inkişaf edən rəqəmsal texnologiyalardır. İnternet, mobil tətbiqlər, süni intellekt və sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu inkişaf informasiya

mübadiləsini asanlaşdırsa da, şəxsi toxunulmazlıq kimi fundamental hüquqlara ciddi təhdidlər
yaradır. Xüsusilə fərdi məlumatların toplanması,
emalı və yayılması sahəsində bir sıra təcrübi və
hüquqi problemlər meydana çıxır.
Rəqəmsal transformasiya bəşəriyyətin bütün sahələrində, o cümlədən hüquqi münasibətlərdə də dərin dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişiklərin ən mühüm təsir sahələrindən biri isə şəxsi toxunulmazlıq hüququdur. İnformasiya texnologiyalarının və rəqəmsal alətlərin sürətli
inkişafı nəticəsində fərdi məlumatların toplanması, yayılması və emalı prosesi daha asan və
genişmiqyaslı hal almışdır [1, s. 54]. Bu isə şəxsi
həyatın gizliliyi və toxunulmazlığı ilə bağlı hüquqi və etik problemlərin aktuallaşmasına səbəb olmuşdur. Cəmiyyətin əksər hissəsinin gündəlik həyatını müşayiət edən alət və avadanlıqların internetə çıxışı olduğu və ağıllı hala gətirildiyi bu gün rəqəmsal əsr adlanır. Bu vəziyyət fərdlərə sağlamlıq, təhsil, maliyyə və sosial həyatla bağlı çoxlu məlumatı sosial şəbəkələrdə tirajlamağa imkan verir.
.