hüquq tədqiqatçısı, Hüquq və İnsan Haqları İnstitutu
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 125
E-mail: [email protected]
UOT 342.7
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALARA
GÖRƏ XÜSUSİ HÜQUQLARIN MƏHDUDLAŞDIRILMASI: HÜQUQİ
BƏRABƏRLİK VƏ SOSİAL DÖVLƏT PRİNSİPİ KONTEKSTİNDƏ
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar müasir hüquq sistemlərində ictimai təhlükəsizliyə birbaşa təsir edən və yüksək risk potensialına malik hüquqazidd əməllər kimi xarakterizə olunur. Bu inzibati xətalara görə tətbiq edilən inzibati məsuliyyət tədbirləri həm preventiv, həm də tərbiyəvi funksiyaları yerinə yetirərək yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının hüquq sistemində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilən inzibati tənbeh tədbirləri sırasında xüsusi hüququn məhdudlaşdırılması mühüm yer tutur. Lakin bu institutun tətbiqi zamanı bəzi normativ istisnalar, xüsusilə də əsas dolanacaq mənbəyi müəyyən fəaliyyət növü ilə bağlı olan şəxslərə münasibətdə müəyyən edilmiş fərqli hüquqi yanaşma hüquqi bərabərlik və proporsionallıq prinsipləri baxımından elmi müzakirə predmetinə çevrilmişdir.