h.ü.f.d., Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müəllimi
E-mail: [email protected]
UOT 341:347.78
MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLARIN
POZULMASINA GÖRƏ MƏSULİYYƏT NÖVLƏRİ
Azərbaycan qanunvericiliyində müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur [11]. Bu məsuliyyət növləri, onların müəlliflik hüquqlarının qorunmasındakı rolu, eləcə də inzibati və cinayət-hüquqi tədbirlərin tətbiqi zamanı ortaya çıxan problemlər müasir dövrdə xüsusi aktuallıq kəsb edir və müəlliflik hüquqlarının effektiv müdafiəsində mühüm əhəmiyyət daşıyır.
Hər bir hüquq pozuntusu ictimai münasibətlərə mənfi təsir göstərdiyindən müəyyən zərər və ya ziyan yaradır. Bu baxımdan, zərər həm sosial, həm də hüquqi xarakter daşıyır. Zərər vurulması fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının pozulmasına səbəb olur.
Müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə yaranan mülki məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələri, həmçinin mülki hüquq pozuntularına (deliktlərə) dair müddəalar əsasında tənzimlənir.