h.ü.f.d., Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müəllimi
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
ORCID: 0000-0002-6634-6368
UOT 341:347.78
MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLARLA BAĞLI AZƏRBAYCAN
QANUNVERİCİLİYİNİN BEYNƏLXALQ HÜQUQ NORMALARINA UYĞUNLAŞDIRILMASI
Müasir qlobal hüquq sistemində əqli mülkiyyət hüquqları, xüsusilə müəlliflik və əlaqəli hüquqlar, yaradıcı fəaliyyətin stimullaşdırılması, mədəni müxtəlifliyin qorunması və innovativ iqtisadiyyatın inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Əqli mülkiyyət hüquqlarının qorunmasının həyata keçirilməsi ciddi problemlərlə müşayiət olunur. Belə ki, əqli mülkiyyət hüquqları ərazi baxımından qorunur və yurisdiksiyadan asılı olaraq dəyişir. Bu ərazi xarakteri, xüsusilə məzmunun dərhal sərhədləri keçə bildiyi rəqəmsal mühitdə, bu hüquqların qorunmasını çətinləşdirir. Çox vaxt bir ölkədə qorunan hüquqlar digər ölkədə qorunmaya bilər ki, bu da ziddiyyətlərə və effektiv icra ilə bağlı problemlərə gətirib çıxarır [8; 7, s. 17]. İnternet və rəqəmsal texnologiyaların, o cümlədən 3D çap və süni intellektin genişlənməsi transsərhəd əqli mülkiyyət hüquqlarının pozuntuları üçün saysız-hesabsız yeni imkanlar yaratmışdır. Rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və transmilli informasiya dövriyyəsinin intensivləşməsi bu sahənin yalnız milli çərçivədə deyil, eləcə də beynəlxalq hüquqi koordinasiya müstəvisində tənzimlənməsini zəruri edir. Əqli mülkiyyət hüquqlarının mühafizəsinin beynəlxalq tətbiqi ölkələr arasında əhəmiyyətli dərəcədə fərqlənən müxtəlif hüquq sistemlərinin, icra mexanizmlərinin, sübutların toplanması prosedurlarının, məhkəmə qərarlarının icrasının və zərərin ödənilməsi mexanizmlərinin uzlaşdırılmasını tələb edir. Buna görə də qlobal əməkdaşlıq əqli mülkiyyət hüquqlarının effektiv qorunması üçün mühüm əhəmiyyətə malikdir.