Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının magistrantı
E-mail: [email protected]
UOT 341.67:343.85:341.232
BİOTERROR TƏHDİDLƏRİNƏ QARŞI BEYNƏLXALQ HÜQUQİ
MEXANİZMLƏRİN EFFEKTİVLİYİ (BİOLOJİ SİLAHLAR KONVENSİYASI KONTEKSTİNDƏ TƏHLİL)
İnsanın bioloji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər XX əsrdə olduğu kimi, yaşadığımız əsrin geridə qoyduğumuz dörddəbir hissəsində də öz aktuallığını itirməmişdir. Başqa bir ifadə ilə, bioloji təhlükəsizlik məsələləri milli təhlükəsizliyin, eləcə də şəxslərin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin prioritet istiqamətləri arasında qalmaqda davam edir. Təsadüfi deyil ki, elmi tədqiqatlar qarşıdakı onilliklərdə ekoloji və bioloji təhlükələrin bəşər sivilizasiyasının yaşamasını və qorunmasını təmin etmək üçün dövlətlərin səylərinin əsas istiqamətini təşkil edəcəyini sübut edir. Belə bir şəraitdə biotəhlükəsizlik məsələlərinin hüquq elmində və praktikasında çox az aktual olduğu anlayışı qəbuledilməzdir. Əksinə, bioloji təhlükə və təhdidlər mənbəyindən və miqyasından asılı olaraq hüquq elminin problematikası baxımından da əhəmiyyət kəsb edir. Bu aktuallıq dünyada və ölkəmizdə bioloji təhlükəsizliyin hüquqi təminatının nəzəri və praktiki məsələlərinin geniş tədqiqinə marağın durmadan artmasını əsaslandırır.