Son illər ərzində məhkəmə hakimiyyəti 
sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi ölkədə müasir məhkəmədaxili idarəetmə modelinin formalaşmasına gətirib çıxarmışdır. Bu, hakimiyyətlərin bölgüsü prinsipinin 
təzahürüdür ki, belə olan halda məhkəmələr öz 
fəaliyyətinin təminatını həyata keçirir və nəticə 
etibarilə məhkəmələrin və hakimlərin müstəqilliyinə və sərbəstliyinə nail olunur. Hakimlər 
birliyinin əlahiddə bir orqanının yaradılması hakimləri özünüidarəetmə fəaliyyətinə cəlb 
edir, onları yalnız ədalət mühakiməsinin həyata 
keçirilməsi məsələlərinə deyil, həm də məhkəmə 
sisteminin daxili və xarici həyatına aid geniş 
məzmunlu məsələlərin həllinə yönəldir. İstənilən 
sosial sistem üçün səciyyəvi olan məhkəmələrin 
daxili həyatı ilə bağlı məsələlər hakimlərin qanuna tabe olan davranışını təmin edən təşkilati, 
maliyyə və digər məsələlərin həllindən, onların 
ixtisasının artırılması, yalnız hakimlərin deyil, 
həm də onun ailə üzvlərinin sosial müdafiəsi 
tədbirlərinin və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.