Cinayət hüquq ədəbiyyatlarında ən çox 
rast gəlinən anlayışlardan biri də “cinayət tərkibi” anlayışıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə 
edən, qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə deyilir və o, cinayət məsuliyyətinin əsası kimi çıxış edir, qanunçuluğun 
möhkəmlənməsinə və ona riayət edilməsinə 
kömək edir, cinayət əməlinin düzgün tövsifini, məhkəmə tərəfindən cəzanın növünün 
və həddinin seçilməsini, insanların hüquq və 
azadlıqlarının qorunmasını təmin edir. Cinayət 
tərkibinin dörd əsas əlaməti (obyekt, obyektiv 
cəhət, subyekt, subyektiv cəhət) var. Cinayətin 
obyekti ictimai təhlükəli əməllə ziyan yetirilən 
və ya ziyan yetirmək təhlükəsi yaradan cinayət 
qanunu ilə qorunan ictimai münasibət, cinayətin 
subyektiv cəhəti cinayətin bilavasitə törədilməsi 
ilə əlaqədar şəxsin psixi fəaliyyəti, cinayətin 
subyekti isə ictimai təhlükəli əməli törədən və 
qanunla müəyyən edilən yaş həddinə çatan, anlaqlı olan fiziki şəxs başa düşülür.