Giriş. Dəbbə pulunun tarixi inkişafı. 
Mövcud qanunvericiliyimizdə öhdəliklərin icrasının təmin edilməsi üsullarından 
biri kimi anlaşılan [1] «dəbbə pulu» termini birbaşa Roma hüququ mətnlərində tapılmasa da, 
oxşar anlayışlara rast gəlinirdi. Belə ki, Roma 
hüququnda öhdəliklərin icrası ilk növbədə bir 
sıra hüquqi anlayışlar və müdafiə vasitələri 
vasitəsilə həyata keçirilirdi ki, onlardan bəziləri 
müasir hüquqi təcrübələrlə oxşarlıqlar daşıyır. 
Antik cəmiyyətlərdə həm intiqam hissi, həm 
də hüquqsuzluğun baş alıb getməsi insanların 
öz haqlarını şəxsən axtarmalarına səbəb olurdu. Qədim Roma hüququna görə, xüsusi hüquq 
pozuntularında (delicta privata) zərərçəkmiş 
ona zərər yetirmiş şəxsə qarşı tədbir görə 
bilərdi. Bu zaman şəxsi intiqam düşüncəsini və zərərçəkmişin ona zərər yetirəni öldürmək 
hüququnu yüngülləşdirmək üçün başqa üsullardan istifadə olunmağa, yəni cərimələrin (poena) ödənilməsinə başlanıldı.